Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Accelerated Career Academy tərəfindən həyata keçirilən “Azərbaycanda Məcburi Köçkünlərin Həyat Şəraitinin Yaxşılaşdırılması” layihəsi çərçivəsində “bərbər” peşəsi üzrə təlimləri uğurla başa vuran benefisiarlar beynəlxalq səviyyəli sertifikasiya imtahanında iştirak ediblər.
Sertifikasiya prosesi Türkiyə Respublikasının Mesleki Yeterlilik Kurumu (MYK) və TÜRKAK tərəfindən akkreditasiyadan keçmiş “Lonca Belgelendirme” şirkəti ilə əməkdaşlıq əsasında Accelerated Career Academy tərəfindən təşkil olunub. İmtahanda 9 nəfər məcburi köçkün iştirak edərək həm nəzəri biliklərini, həm də praktiki bacarıqlarını təsdiqləyiblər.
İmtahan nəticəsində uğur qazanan iştirakçılar Avropanın 50-dən çox ölkəsində tanınan və Europass əlavəli beynəlxalq peşə sertifikatı əldə ediblər. Bu sertifikat onların əmək bazarına inteqrasiyasını sürətləndirmək və daha geniş iş imkanlarına çıxışlarını təmin etmək baxımından mühüm əhəmiyyət kəsb edir. Layihənin növbəti mərhələsində digər peşə sahələri üzrə də beynəlxalq səviyyəli sertifikasiya proqramlarının həyata keçirilməsi nəzərdə tutulur. Məqsəd məcburi köçkünlərin peşəkar bacarıqlarını təsdiqləmək və onların məşğulluq imkanlarını daha da artırmaqdır.


